Telefonun yaranma tarixi

0
2266

Telefona qədər olan həyat

telefonun yaranmasi (1)Telefonun tarixi uzaq keçmişə gedib çıxır. Telefon ideyası və ona ehtiyac insanlar danışmaq qabiliyyəti əldə etdikdə yaranıb.

Eramızdan əvvəl VI əsrdə İran şahı Kirin xidmətində məlumatı ötürmək üçün “şahın qulaqları” adlandırılan 30 mindən ibarət dəstə olub. Onlar təpələrin üstündə və gözətçi qüllələrində eşitmə məsafəsində yerləşərək şah üçün nəzərdə tutulmuş məlumatı ötürüblər.

Müxtəlif dövrlərdə rabitə vasitələri qismində çaparlar, barabanlar və şərti işarələr (yelkənin rəngi, alov və ya tonqal tüstüsü) çıxış ediblər. Çaparlar həmişə ən etibarlı rabitə vasitəsi olub. Eramızdan əvvəl 56-cı ildə baş vermiş Qall müharibəsi zamanı zəncir xətti üzrə düzülmüş qall qışqırıqçıları Sezar ordusunun yaxınlaşması barəsində məlumat verirdilər; məlumatın ötürülmə sürəti saatda 100 kilometrə çatıb. Məlumatlara görə, 968-ci ildə çinli ixtiraçının yaratdığı “thumtsein” adlanan aparat səsi borular vasitəsilə ötürübmüş. Qədim zamanlarda, həmçinin “ipli telefon”dan istifadə olunub. İki diafraqma arasında çəkilmiş ip vasitəsilə müəyyən məsafədə danışmaq baş tutub. Bu halda səs ipin titrəyişi hesabına bir tərəfdən digər tərəfə ötürülüb.

Xətlər vasitəsilə ötürülən səs?  – Ola bilməz! 

telefonun yaranmasi (4)

Telefonun ixtirasında çoxlu sayda insanın əməyi olduğundan onun yaradıcısı kimi konkret şəxsi göstərmək düzgün deyil. Ümumilikdə, telefon səsi uzaq məsafəyə ötürə bilən istənilən qurğudur. İlk telefonlar mexaniki cihazlar olub: onlar elektromaqnit siqnallarından istifadə edən elektrik cihazlarından fərqli olaraq, səsin hava ilə yayılması nəticəsində işləyiblər.

1854-cü ildə mühəndis-mexanik Şarl Bursel ilk dəfə telefonun iş prinsipini öz dissertasiyasında izah etsə də, lakin onun təcrübədə həyata keçirilməsinə müvəffəq ola bilməyib. Məhz o, “telefon” sözündən ilk dəfə istifadə edib.

telefonun yaranmasi (3)

1860-cı ildə ABŞ-da italyan əsilli immiqrant Antonio Meuççinin nümayiş etdirdiyi “Telectrophon” adlı qurğu səsi xətlər vasitəsilə ötürə bilib. O, 1871-ci ildə ixtirasını patentləşdirmək üçün müraciət edib. Lakin onu ala bilməyib. Buna baxmayaraq, italiyalılar məhz Meuççini telefonun ixtiraçısı hesab edirlər.

telefonun yaranmasi (5)

1861-ci ildə alman fizik və ixtiraçısı İohan Filipp Reysin yaratdığı aparat xətlər vasitəsilə təəssüf ki yalnız musiqi tonallığını ötürə bilib; səsi ayırd etmək mümkün olmayıb. Reys qurğusunu “Telephon” adlandırmışdı.

Lakin məhz Aleksandr Qraham Bell telefonun “atası” adına layiq görülüb. O, 1947-ci il martın 3-də Şotlandiyada anadan olub. 1870-ci ildə ailəsi ilə birlikdə Kanadaya gəliblər. Atası “görünən səs” sistemi vasitəsilə kar və lalların problemləri ilə məşğul olaraq onlara təhsil verib. Bell də bu sənətə yiyələnmişdi. O, səsin təbiəti haqqında xeyli məlumatlı idi və onu elektrik vasitəsilə ötürmək arzusı ilə alışıb yanırdı. Elektrik barəsində biliyinin az olması ona kömək edib. Belə ki o dövrdə yaşamış mütəxəssislər səsin xətt vasitəsilə ötürülməyinin qeyri-mümkün olduğunu əmin edirdilər. Bell isə bu faktdan xəbərsiz idi.

telefonun yaranmasi (2)

Məlumat üçün bildirim ki, Bell Boston Universitetinin professoru olub. Tələbələrinin valideynləri ona maliyyə cəhətdən yardım göstəriblər. O, ideyalarını həyata keçirmək üçün Tomas Uotsonu işə götürmüşdü. Uotson bacarıqlı köməkçi olub. Ən əsası, rəhbəri Bell kimi o da səsin xətt vasitəsilə ötürülməyinin qeyri-mümkünlüyü barəsində nüfuzlu alimlərin söylədikləri fikirlərdən xəbərsiz idi. O, 1875-ci ildə eksperimental aparatdan Bellin – “Uotson, buraya gələ bilərsinizmi? Siz mənə lazımsınız” – sözlərini eşitdikdə qətiyyən təəccüblənməmişdi, çünki rəhbərinin işinə inanırdı.

1876-cı ildə ABŞ-da Aleksandr Bell tərəfindən patentləşdirilmiş telefon “danışan teleqraf” adlanırdı. Dəstək növbə ilə həm insan nitqinin ötürülməsi, həm də qəbul edilməsi üçün istifadə olunub. Bellin aparatında zəng mövcud olmayıb, o, 1878-ci ildə həmkarı Tomas Uatson tərəfindən ixtira edilib. Abunəçinin çağırılması dəstəkdən fit səsi vasitəsilə təmin olunub. Bu xəttin əhatə dairəsi 500 metr məsafə olub.

1876-cı il fevralın 14-də Aleksandr Bell öz ixtirası üçün Vaşinqton  Patent Bürosuna müraciət edib. İki saat sonra Çikaqodan Elişa Qrey patent bürosuna gələrək “Vokal səslərin teleqraf üsulu ilə ötürülməsi və qəbul edilməsi qurğu”su üçün öz müraciətini təqdim edib.

1876-cı il martın 7-də Aleksandr Bell telefon ixtirasına görə patent alıb və həmin gündən etibarən tarixə telefonun “atası” kimi düşüb.

1876-cı il iyunun 25-də Aleksandr Bell ilk dəfə telefonunu Filadelfiyada keçirilmiş birinci Beynəlxalq elektrotexnika sərgisində nümayiş etdirib.

Telefonun inkişafı

Zaman keçdikcə, simli ev telefonu ideyasını həyata keçirməyə çalışan bir çox ixtiraçılar ilk telefonu təkmilləşdiriblər. 1877-78-ci illərdə Tomas Edison mikrofonu təkmilləşdirməklə telefon rabitəsinin inkişafına böyük töhfə vermiş olub.

Lakin şəhər daxilində zəng etmək üçün telefon stansiyası lazım idi. İlk telefon stansiyası 1877-ci ildə ABŞ-ın Nyu-Xeyven şəhərində tikilib. Bundan sonra 1879-cu ildə Parisdə, 1881-ci ildə isə Moskva, Peterburq, Odessa, Berlin, Riqa və Varşava şəhərlərində bu cür stansiyalar istifadəyə verilib. Nəticədə ilk simli telefon aparatları bir-biri ilə əlaqələndirilərək insan nitqini kifayət qədər uzaq məsafəyə ötürə bilmək imkanı əldə ediblər. Tomas Edisonun ixtirası 1980-cı ilədək istifadə edilib. O, bəzi yerlərdə hələ də istifadə edilir.

İlk telefon stansiyaları avtomatik olmadığından stansiyada iki telefon arasında əlaqə yaratmaq üçün telefonçuya ehtiyac var idi. Lakin 1879-cu ildə amerikalı ixtiraçılar M.D.Kennedi, T. E.Kennedi və T.İ.Mak-Tayın yaratdıqları avtomatik kommutator nömrə yığımı vasitəsilə telefonlar arasında əlaqə yaratmağa imkan verib. Bu andan etibarən nömrəli telefonların inkişafı başlayıb.

XIX əsrin sonu XX əsrin əvvəllərində telefon sürətli inkişaf mərhələsinə qədəm qoyub: xeyli sayda telefon stansiyası tikilib və şəhərlərarası xətt çəkilib.

1910-cu ilin əvvəlində dünyada 10 milyondan çox telefona xidmət göstərən 10 min telefon stansiyası mövcud olub.

Ötən əsrin 20-ci illərində telefon stansiyalarını tədricən avtomatik telefon stansiyaları (ATS) əvəz etməyə başlayıb. ATS-in yaranma tarixi maraqlıdır. 1880-cı illərin sonlarında Kanzas-Siti şəhərində çoxlu telefon var idi və tabutçuya ehtiyac olduqda zəng ilə adətən bu işin ustası Elmon Strouceri çağırırdılar.  Müəyyən vaxtdan sonra əksər müştərilərin başqa bir tabutçu ilə əlaqələndirildiyi məlum olur. Belə ki qəribə təsadüf nəticəsində həmin tabutçunun həyat yoldaşı telefonçu işləyib.

Stroucer qəzəblənmişdi. O, elə bir telefon stansiyası yaratmaq istəyirdi ki, abunəçilər zəng edəcəyi şəxslə vasitəçisiz əlaqə yarada bilsinlər. Və buna nail olur.

1891-ci ildə amerikalı Elmon Stroucer avtomatik telefon stansiyası üçün patent alıb və bir il sonra birinci bu cür stansiya digər bir şəhərdə istifadəyə verilib. Nömrə cəmisi iki rəqəmdən ibarət olub və yalnız 100 abunəçiyə xidmət göstərib.

Nyu-York və London şəhərləri arasında ilk kommersiya telefon danışığı 1927-ci il yanvarın 7-də transatlantik telefon kabeli vasitəsilə baş tutub.

Hazırda telefon rabitəsinin inkişafı ən yüksək həddinə çatıb. Dünyada hər bir insan simli və simsiz (mobil telefon) telefondan istifadə edir. Telefon insanlara uzaq məsafədən danışmaq imkanı yaradır. 150 il bundan əvvəl isə telefon rabitəsi yalnız arzu idi. [membrana-az.com]

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here