Alqış əvəzinə konfet [hekayə]

0
1006

Facebook örtük şəkilləri (7)– Bu axşamkı tamaşaya mənimlə birlikdə gedəcəksiniz, – əlindəki iki dəvətnaməni fəxrlə göstərən Artyom gülümsəyərək dedi.
– Əziyyət çəkməyin, bizim nümayəndə heyətinə yetərincə dəvətnamə verilib. Mən də elə onlarla birlikdə bütün tamaşalara gedəcəyəm, – deyib etiraz etmək istədim.
– Heç bir əziyyəti yoxdur. Sizin dəvətnamələr başqa, mənə verilənlər tamam başqa. Baxın, – əlindəki dəvətnaməni uzadıb yazılarını göstərməyə çalışdı, – lap ön sıralaradır. Daha yaxşı görə və eşidə biləcəyik.
Narazı halda, – Onsuz da tamaşanın erməni dilində və heç bir subtitr olmadan göstəriləcəyi deyilir. Qarşıda oturub nə başa düşəcəyik ki guya, – dedim.
Mənim narazılığıma qoşuldu: – Hə, elə deyirlər. Amma mən tamaşadan əvvəl proqramı da alacağam. Orada tamaşanın məzmunu ilə tanış ola bilərik. Bir də əgər bir ölkə beynəlxalq festivala öz dilində olan tamaşa gətiribsə, deməli, başa düşüləcəyinə arxayındır. Sizcə, belə deyil?
“Ermənidən nə desən, gözləmək olar”, – bunu ürəyimdə dedim. Artyomun dəvətini isə nəzakətlə qəbul etdim.
Artyom bizim nümayəndə heyətini festival boyu müşayiət edən, yardımçı olan şəxsdir. Təxminən 23-25 yaşı olan bu gənc oğlan həm də Kişinyovdakı yerli teatrlardan birinin aktyorudur. Şəhərlərində qonaq olduğumuz bu üç gündə bəlkə azı otuz dəfə öz teatrlarını, aktyorluq qabiliyyətini tərifləyib, tamaşalarına baxmağa dəvət edib. Amma təbii ki, forumun bu sıx qrafiki nə bizə dediyi teatra getməyə imkan yaradıb, nə də onun özünə – nə vaxt baxsaq, yanımızdadır. Uşaqlar zarafatla deyir ki, deyəsən, gecələr də biz qaldığımız mehmanxananın həyətində yuxuya gedir.
Axşam teatra öz nümayəndə heyətimizlə birlikdə getdim. Nədənsə Artyom gözə dəymirdi və bu da məni rahatlatmışdı – tamaşaya istədiyim kimi, özümüzkülərin yanında əyləşib baxacaqdım. Elə bizim nümayəndələr arasında da tamaşaya gəlməyənlər var idi. Bu bir növ bizimkilərin erməniləri baykotu idi, deyəsən. Əslində mən də belə edə bilərdim. Amma maraq daha üstün gəlmişdi – ermənilərin səhnədə necə göründüyünə baxmaq istəyirdim.
Elə zala daxil olmuşduq ki, lap ön sıralarda özünə yer tapmış Artyomun əlini yelləyib məni çağırdığını gördüm. Naəlac onun çağırışına cavab verməli oldum. Tam mərkəzdə, ön sırada bir neçə yer saxlamışdı. Xüsusi hesab etdiyi qonaqlar arasında məndən başqa Belarusdan gəlmiş bir dramaturq xanım və qırğız aktyor da var idi. Tamaşa başlayana qədər təbii olaraq Artyomun öz teatrı haqqında təriflərini dinlədik. Daha sonra gənc aktyor göstəriləcək tamaşanın məzmunu nəql etdi. Söz verdiyi kimi, proqram tapa bilməmişdi. Amma erməni nümayəndə heyətindən tamaşanın məzmunu haqqında məlumat əldə etmişdi. Göstəriləcək tamaşanın əsas ideyası sülh və dostluq imiş. Bu sözləri eşidən kimi kinayəli gülümsədim. Artyom təbəssümümü tutsa da, mənasını anlamadı: – Anlayıram. Siz də hesab edirsiniz ki, cəmi 45 dəqiqəlik monotamaşada bu boyda ideyanı təqdim etmək çətindir. Amma mən bu fikirlə razı deyiləm. Aktrisa peşəkardırsa, lap 5 dəqiqədə də bu ideyanı tamaşaçılara çatdırar.
Başımı yelləyib kinayə ilə onun sözünü təsdiqlədim: “Əminəm ki, bu xanım da çatdıracaq. Axı onun xalqı illərdir bu ideyanı bütün dünyaya göstərməklə məşğuldur.”
Artyom heç nə anlamadı, nə isə soruşmaq istədi. Amma pərdənin açılması ilə yaranan sükut buna mane oldu.
Ədalət naminə deyim ki, qız səhnədə canını qoyurdu. Elə bu da tamaşaçılara müsbət təsir göstərirdi. Dilini başa düşməsələr də, hərəkətləri, emosiyaları çoxlarını ovsunlamışdı. Məndən başqa! Mənim ağlımdan nədənsə siyasi tamaşalar, oyunlar keçir, tamaşaçı qismində milyondan çox qaçqını, minlərlə şəhidi görürdüm. Hələ qızın anlaşılmaz dili… Düşünəndə ki, xalqıma qarşı olan cinayət aktlarına əmr məhz bu dildə verilib, qanım qaynayırdı.
Gurultulu alqışlar! Tamaşa uğurla başa çatmışdı. Hamı səhnədəki xanımı ayaq üstə alqışlayırdı. Artyom da ayağa qalxıb fit çalır, “bravo” qışqırırdı. Elə yanımızda əyləşən digər festival iştirakçıları da. Zala boylandım. Deyəsən, məndən başqa hamı ayaq üstdə idi. Alqışlamamaq üçün əlimdəki telefonu qurdalayırdım. Artyomun qınayıcı baxışlarını açıq-aşkar hiss edirdim. Deyəsən məndən belə mədəniyyətsizlik gözləmirdi. Tamamilə laqeyd münasibətimi görüb soruşdu: “Doğrudan, bəyənmədiniz?”
Birbaşa cavab verə bilmədim: “Bundan güclü tamaşalara baxmışıq. Qeyri-adi heç nə yox idi.”
Razılaşmasa da, “zövqlər müxtəlifdir” – dedi.
Zaldan çıxan kimi öz nümayəndə heyətimizə qoşuldum. Teatrın yaxınlığında yerləşən mehmanxanaya gedənə qədər heç birimiz danışmırdıq, elə bil hamımızın üzərinə soyuq su səpilmişdi. Nəhayət, mehmanxanaya çatanda aramızdan kim isə, – “Siyasət və mədəniyyət fərqlidir, düzdür?” dedi. Hamımız başımızı tərpədib təsdiqlədik. Mənə elə gəldi ki, bu an hər birimiz özümüzü nədəsə günahkar sayırıq. İçimizdə iki hiss mübarizə apararaq hərəmiz öz nömrəmizə yollandıq. O biriləri bilmirəm, amma mən doğrudan da bu gün səhnədə gözəl ifası ilə tamaşaçıların qəlbini fəth edə bilmiş qıza qarşı haqsızlıq etdiyimi düşünürdüm. Sanki ona bir alqış borcum qalmışdı. Bunu necəsə ödəmək istəyirdim.
Səhər Artyom mehmanxananın foyesində bizi gözləyirdi. Bir saat sonra hamımız Kişinyovun Mərkəzi Parkında olmalıydıq. MDB ölkələrinin ortaq televiziya kanalı olan “Mir” bizdən müsahibə alacaq, keçmiş sovet respublikalarının teatrlarını bir araya gətirmiş bu festival haqqında reportaj hazırlayacaqdı.
Mərkəzi Parkda toplanmış 15 respublikanın nümayəndələri növbə ilə danışır, təəssüratlarını bölüşürdü. Növbə bizimkilərə çatmışdı. Teatrımızın gənc aktrisalarından olan və bir neçə gün öncə oynanılmış tamaşamızda baş rolda çıxış edən xanım müsahibə verirdi. Elə bu vaxt gözləmədiyimiz bir hadisə baş verdi: erməni nümayəndə heyətindən olan rejissor və dünənki tamaşada çıxış edən aktrisa əllərindəki çantadan konfetlər çıxarıb paylamağa başladılar. Bu işə isə ilk növbədə bizimkilərdən başladılar: “Buyurun, erməni şokoladlarına qonaq olun”, – müraciəti ilə növbəti konfet müsahibə verən aktrisamıza uzadıldı. Aktrisamız biixtiyar olaraq əlini irəli uzatdı, sonra isə qəfil geri çəkib üzünü tutdu. Onun ağlamsınması, göz yaşlarını gizlətmək cəhdi heç kimin, o cümlədən jurnalistlərin gözündən qaçmadı. O özü isə çağırışlarımıza məhəl qoymadan mehmanxanaya tərəf qaçdı.
Heç kim nə baş verdiyini anlamırdı. Ermənilər də guya özlərini təhqir olunmuş kimi aparırdılar. Amma bu halın arxasında bir sünilik var idi. Aktrisa təhqir olunmuş rolunu dünənki qədər peşəkar oynamırdı. Mənə elə gəlir ki, onlar bu xeyirxahlıq aksiyasını düşünərkən təxminən belə bir nəticə əldə edəcəklərini hesablamışdılar.
Artyom isə hamıdan çox narahat idi. Nə olursa-olsun, nümayəndə heyəti arasında qalmaqal düşməsini istəmirdi. Aktrisamızın hərəkətinin səbəbini məndən öyrənmək istəyirdi. Nə baş verdiyini təxmin etsəm də, hər şeyi onun özündən soruşmasını dedim.
Biz mehmanxanaya dönəndə aktrisamızın foyedə gəzişdiyini gördük. Gözləri ağlamaqdan qızarmışdı. Nə baş verdiyini biz soruşmadan özü dedi: “Atam hər axşam işdən gələndə mənə beləcə konfet uzadardı. Düz beş yaşıma qədər hər gün belə idi. Sonra atam Qarabağa – müharibəyə getdi. Orada ermənilər onu öldürdü, şəhid oldu. O vaxtdan heç kim mənə konfet vermirdi.”
Bu sözlərdən sonra çevrilib Artyoma baxdım. Tutulmuşdu. Deyəsən, neçə gündür aralıqda olan soyuq münasibətlərin səbəbini nəhayət, başa düşmüşdü. Fürsətdən istifadə edib soruşdum: “Dünənki alqış borcumuzu çoxdan ödəmişik, görürsünüz?” Müəllif: Şəbnəm Xeyrulla

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN