Smaylikin yaranma tarixi

0
1286

smile

İnternetdə smayliklər (smile – təbəssüm) durğu işarələri, hərf və rəqəmlərdən tərtib edilmiş və hər hansı emosiya ifadə edən nişan adlandırılır.

İlk dəfə sarı gülümsəyən sifəti amerikalı rəssam Harvi Boll çəkib.

1960-cı illərin əvvəllərində Amerikada iri sığorta şirkətlərinin birləşdirilməsi prosesinə başlanılıb. Proses ləng gedirdi və belə demək mümkünsə əməkdaşların korporativ mədəniyyətinə təsir göstərirdi. Başqa sözlə, sabaha  inamsızlıq onları əsəbi, çaşqın və kədərli vəziyyətə salmışdı.

“State Mutual Life Assurance Cos. of America” şirkətinin nümayəndələri öz əməkdaşlarının “döyüş ruhu”nu yüksəltmək üçün qeyri-adi reklam kampaniyası keçirməyi qərara alır. Bunun üçün yaddaşa həkk olunacaq simvola ehtiyac var idi və sığortaçılar 1963-cü ilin dekabrında rəssam Harvi Bolla müraciət edirlər.

Boll sonralar etiraf edib ki, smaylik işarəsinin hazırlanması onun cəmisi 10 dəqiqə vaxtını alıb. Zəhmətinə görə ona 45 dollar ödənilib və bu məbləğ Bollun smaylikə görə qazandığı bütün gəlir olub: o, hətta smayliki ticarət markası kimi qeydiyyatdan keçirmək istəməyib, öz  müəlliflik hüququnu qorumayıb və oğlu Çarlz Bollun sözlərinə görə, atası buna görə heç vaxt peşmançılıq hissi keçirməyib.

İlk smaylik sancağa bərkidilmiş, yəni döş nişanı kimi hazırlanaraq şirkətin əməkdaşlarına və müştərilərinə paylanılıb.

harvey boll

Üzərində smaylik olan döş nişanları uğur qazanır. Smaylik işarəsi “State Mutual Life Assurance Cos. of America” şirkətinin müştəri və agentləri tərəfindən o qədər bəyənilmişdi ki, şirkət tezliklə 10 min ədəd nişan sifariş edib.

1970-ci ildə İspaniyalı iki qardaş smaylik üçün “Have a happy day” şüarı fikirləşdikdən sonra o, bütün dünyada populyarlaşıb.

Belə şüara malik smaylik tezliklə emblem, açıqca, futbolka və beysbolkaların üzərini bəzəyib.

Müəlliflik hüququ barəsində heç kimi düşünmürdü, ABŞ Poçt xidməti isə hətta üzərində Boll smayliki olan marka buraxıb.

1971-ci ildə fransalı sahibkar Franklin Loufrani gülümsəyən sifəti 80-dan çox ölkədə ticarət markası kimi qeydiyyatdan keçirib. Loufrani iddia edirdi ki, bu simvolu 1968-ci ildə Parisdə ixtira edib.

Loufrani “Smiley Licensing” korporasiyasının əsasını qoyaraq bir neçə il ərzində xeyli var-dövlət toplayıb.

Harvi Boll ona qarşı məhkəmə iddiası qaldırmır, lakin smaylikin ixtirasını öz adına yazmaq istəyən başqaları peyda olur. Nəhayət, artıq təngə gəlmiş Boll öz smaylik versiyasını inisiallar (ad və ata adının baş hərfləri) daxil olmaqla qeydiyyatdan keçirib.

O, ixtirası haqqında pafoslu danışmağı sevirdi: “Hələ bəşəriyyət və incəsənət tarixində bu qədər xoşbəxtlik, sevinc və məmnunluq gətirən, həm də populyar ikinci belə hadisə olmayıb”.

Artıq yaşlaşmış Harvi Boll öz həyat missiyasını müəyyənləşdirir; o, 1 oktyabr tarixini Beynəlxalq Təbəssüm Günü elan edir və özünü Beynəlxalq Təbəssüm səfiri təyin edir.

O, 2001-ci il aprelin 12-də 79 yaşında dünyasını dəyişib.

Əsası Harvi Boll tərəfindən qoyulmuş “Ümumdünya Təbəssüm Korporasiyası”na hazırda onun oğlu Çarlz rəhbərlik edir. O, ticarət markasının kim tərəfindən və necə istifadə olunmasına diqqətli şəkildə nəzarət edir: “Missiyamız məhsulu Harvey Ball Signature Smiley ticarət markası altında yaratmaq, satmaq və lisenziyalaşdırmaqdan ibarətdir”.

Harvi Bollun imzası məhsulun əsilliyinə zəmanət verir. “Ümumdünya Təbəssüm Korporasiyası”nın qazandığı bütün gəlir vergilər ödəndikdən sonra xeyriyyəçilik fəaliyyətinə sərf olunur. “Biz uşaqlara kömək edirik. Smaylik işarəsindən istifadə edən başqa korporasiyaların heç biri bunu etmir”. [membrana-az.com]

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here