Təmizliyin Əhəmiyyəti – 2 [İslam]

0
1187

islamda temizlik

Allah pak olanları (özlərini cismən təmizləyənləri, mənəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər!
(Qurani-Kərim, Tövbə, 9/108)


Təmizlik (pak olmaq) imanın yarısıdır. Muhamməd Peyğəmbər (sallallahu aleyhi və səlləm)
(Müslim, Təmizlənmə kitabı 534).

İstinca və istibra
İslamın əsasları bütün həyatı əhatə etdiyi üçün, bu əsaslarda bəzən insanların ən xüsusi məhrəm görünən vəziyyətlərinə diqqət yetirilir. Tualet ədəbi ilə əlaqədar olaraq hədislərdə və fiqh mədəniyyətində bəzi qayda və tövsiyələrin olması buna nümunədir.

İstinca və istibranın ədəbləri:

Böyük və kiçik tualet ehtiyacını edənlər üçün aşağıdakılar məndubdur (gözəl davranışdır):
1. Üzərində Allahın və ya Hz. Muhəmmədin (s) adı yazılı bir şeylə ayaqyoluna girilməməlidir. Ənəs(r. a) belə demişdir: “Rəsulullah (sallallahu aleyhi və səlləm) tualetə girərkən, üzüyünü çıxarardı.” Çünki onun üzüyündə “Muhammədun Rəsulullah” yazısı vardı. (“Əbu Davud, Tirmizi, Nəsai, İbn Macə)
2. Ayaqyoluna girməzdən öncə “Bismillah” deyib Rəsulullahın (sallallahu aleyhi və səlləm) oxuduğu bu duanı oxumaq: “Əllahummə inni əuzu bikə minəl-xubsi vəl-xəbais” (Alahım, pislikdən və murdar şeylərdən sənə sığınıram). Bundan sonra sol ayaqla girib sağ ayaqla çıxmaq lazımdır. Tualetdən çıxarkən:“Əlhamdu lilləhilləzi əzhəbə annil-əza və afani” (Məğfirətini diləyirəm. Əziyyətləri məndən yox edən və mənə rahatlıq verən Allaha həmd olsun) duası oxunur.
3. Tualetdə Quran oxunmamalı, məcbur qalmadıqca danışmamalı, mənəvi və müqəddəs şeylər zikr edilməməli, salam verildikdə salam alınmamalıdır.
4. Açıq ərazidə gözdən uzaqlaşmalı və ya bir şeylə örtünməlidir.
5. Açıq və ya qapalı yerdə, tualet ehtiyacı görərkən ön və ya arxasını qibləyə çevirmək təhrimən məkruhdur. Bu haqda Rəsulullah (sallallahu aleyhi və səlləm) “Tualet üçün çıxdığınız vaxt kiçik və ya böyük ehtiyac üçün qibləyə ön və arxanızı çevirməyin, şərqə və ya qərbə dönün (Müslim, Təharət, 60)” buyurur.

Paltar təmizliyi:
Müsəlmanın cəmiyyət içində bir fərd olaraq görünüşü gözəl olmalı, səliqəli, sadə və təmiz geyinməlidir. Bu barədə Allah Təala belə buyurur: “Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz! Təmiz geyinmək mövzusunda Rəsulullahın (sallallahu aleyhi və səlləm) bu sözü Onun təmizliyə verdiyi əhəmiyyəti açıq-aşkar göstərir: “Ağ paltar geyinin.Çünki ağ paltar daha gözəl və təmizlik baxımından daha əlverişlidir. Ölülərinizi də bununla kəfənləyin” (Tirmizi, Dəfn kitabı, 31, 1010-cu hədis: Əbu Davud 3880: Nəsai, 1907, 5339).

Qida təmizliyi:
Mikrobların çoxu içdiyimiz su və yediyimiz yeməklərə bulaşır. Qidalara bulaşan bakteriyaların qarşısını almaq üçün əlləri yumağa, burun təmizliyinə, dırnaqların kəsilməsinə, tualetdən sonra əllərin yaxşıca yuyulmasına, yemək və su qablarının üzərlərinin örtülməsinə diqqət yetirmək lazımdır. Əl yumaq, burun təmizliyi, dırnaqların kəsilməsi və tualetdən sonra əllərin su ilə yuyulması ilə əlaqədar Rəsulullahın (sallallahu aleyhi və səlləm) əmr və tövsiyələri bədən təmizliyində şəxsi gigiyena qaydalarıdır. Burada qidaların bakteriyalardan qorunması ilə bağlı digər hədislərini də xatırlayaq: “Qabların üzərini örtün.Çünki ildə bir gecə vardır ki, o gecə vəba enər. Qapağı olmayan hər bir qab, yaxud üzərində bağı olmayan elə bir dəri olmaz ki, yanından keçməsin və onların içinə bu vəbadan bir şey düşməsin” (Müslim, İçəcəklər kitabı, 2014)
Qida təmizliyində ən əhəmiyyətli xüsusların başında yemək və içkilərin halal olması və halal yollarla qazanılması gəlir. Bu məzmunda “Bismilləh” deyilmədən kəsilən heyvanların yeyilməməsinə diqqət yetirilməlidir, çünki bunlar haramdır. Qurani- Kərimdə belə buyurulur: O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda (başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir! (əl-Bəqərə, 2/173)”

Ətraf mühitin təmizliyi: İslamda ətraf mühitin qorunması bəzi əsaslara isnad edilir; israf haramdır, təmizlik dinin yarısıdır, zərəri dəf, mənfəəti cəlb etmək lazımdır, ictimai mənfəət qorunmalıdır. Bu əsaslar bütün İslam cəmiyyətlərində onların yaşadıqları ətrafın qorunmasına səbəb olmuşdur. İslam ən optimal nöqtəni əsas götürür. Quran bu səbəblə tarazlıq və müvazinətdən bəhs edir: “Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq. (Qəmər, 54/49)”. İnsanın öz bədəninin təmizliyi başda olmaqla yaşayış məskənlərinin, ətrafın, suyun təmizliyi mövzularından da Həzrət Peyğəmbərin hədislərində bəhs edilmişdir; “Həyətlərinizi və meydanlarınızı təmiz saxlayın (Müslim, 557: Tirmizi, Təharət 1: Əbu Davud 59)”, “Allah təmizlik olmayan namazı qəbul etməz”, “Əsla sizdən heç kim durğun suya sidik axıtmasın, axırda onda özü yuyunar (Buxârî, Vudu: 73; Nəsai, Təharət: 31)”. Ağac və meşə mövzusunda da Həzrət Peyğəmbərimiz çox həssas idi. Peyğəmbərimizin səhabələri də bu şüura sahib idi. Məsələn: Hz. Əbu Bəkrin Üsamə ordusuna xitabən söylədiyi bu sözlər böyük əhəmiyyət kəsb edir: “Xurma ağaclarını kəsməyin, yandırmayın; digər meyvə ağaclarını tələf etməyin, qoyun, mal və digər heyvanları yemənin xaricində hər hansı bir məqsədlə kəsməyin”.

Ətraf mühit təmizliyinə daxil olan xüsuslar bunlardır: evin, küçənin, qəsəbənin, məhəllənin, şəhərin, yolların, kafi miqdarda təmiz suyun və havanın təmizliyini əhatə edən hər tərəfli təmizlikdir. Təmiz olan ətrafı çirkləndirmək müsəlmana yaraşmayan çirkin bir davranışdır. Bir gün Rəsulullah (sallallahu aleyhi və səlləm) : “Lənətə uğramışlardan olmaqdan çəkinin” – buyurdu. Bunun üzərinə səhabələr “bunlar kimdir ya Rəsulullah?”– deyə soruşanda, Peyğəmbərimiz belə buyurdu: “Xalqın gəlib keçdiyi yolu və kölgələndikləri yeri çirkləndirəndir (Müslim, Təharət: 68)”

Hökmi kirlilikdən təmizlənmə
Dini ədəbiyyatda “hadəsdən təharət” adlandırılan hökmi kirlilikdən təmizlənmə, dəstəmazı olmayan bir adamın dəstəmaz alması, qüsl alması lazım olan bir adamın qüsl alması deməkdir. Bu növ təmizlənmə maddi kirləri təmizləmə, bədən sağlamlığını qoruma kimi bir çox yöndən faydalı olsa da, əsas etibarilə dini əsaslı ibadəti əhatə edən bir təmizlikdir. Kiçik hadəs və böyük hadəs olmaq üzrə iki növ hökmi kirlilik halı vardır. Kiçik hadəs yalnız dəstəmaz almaqla ortadan qalxan hacət halıdır. Kiçik su tökmək, ağız və burun kimi bir üzvdən qan gəlməsi və s. səbəblərlə dəstəmaz pozulur və kiçik hadəs halı meydana gəlir. Bu halı ortadan qaldırmaq üçün sadəcə dəstəmaz almaq kifayətdir.

Böyük hadəs, ancaq qüsl dəstəmazı ilə təmizlənən, cənabət, heyz və nifas kimi hallara deyilir. Bu halı ortadan qaldırmaq üçün qüsl almaq zəruridir. Bu şəxslər qüsl almadan namaz qılmaz, tilavət və şükr səcdəsi etməzlər. Eyni hal adət və heyz halında olan qadınlara da aiddir. Bu hallar qurtardıqdan sonra namaz qıla bilmələri üçün qüsl almaları lazımdır. Qüsl almaq imkanı olmayanlar təyəmmüm etməlidirlər. Eyni hal dəstəmaz üçün su tapmayanlara da aiddir.
Təmizliklə əldə olunan mənəvi mərtəbələr

Namaz dörd mərtəbədə təmizliyi ehtiva edən möhtəşəm bir ibadətdir. Ona hazırlıq üçün ən başda qüsl və dəstəmaz almaqla, bədən və orqanları kir və çirkdən təmizləmiş oluruq. Vücudun təmizlənməsi ilk mərtəbədir.

İkinci sırada “Paltarını təmiz saxla” ayəsinin ifadəsi ilə insanın paltarını, olduğu yer və namaz qılacağı məkanı təmizləməsi gəlir. Bu şəkildə təmizlik əməliyyatından keçən göz harama baxmaz, ağız pis söz danışmaz, əl pis işlərlə məşğul olmaz, ayaq pislik istiqamətində addım atmaz və bütün əzalar bu şəkildə günahdan uzaqlaşmış olar. Əbu Hüreyrənin rəvayət etdiyi Rəsulullahın (sallallahu aleyhi və səlləm) bir hədisi şərifində bu hal belə izah edilir.“Mömin bir qul dəstəmaz aldımı, üzünü yuyunca gözü ilə baxdığı bütün günahlar su ilə birlikdə və ya suyun son damlası ilə birlikdə axıb gedər, əlləri yuduqdan sonra əlləri ilə etdiyi bütün günahlar su ilə və ya suyun son damlası ilə əllərindən tökülər, ayağı ilə gedərək etdiyi bütün günahları su ilə və ya suyun son damlası ilə təmizlənib gedər. (Elə ki, dəstəmaz tamamlandı) günahlarından təmizlənərək tər təmiz olar. (Müslim, Təharət 32: Tirmizi, Təharət 2)

Üçüncü mərtəbədə qəlb təmizliyi vardır ki, mənfi duyğu və düşüncələrdən təmizlənib saf bir hala gəlib sadəcə Rəbbin rizasına yönəlməsi də qəlbin təmizliyidir. Bir də təharətin son mərtəbəsi olan Nəbilərin təharəti vardır ki, o da qəlbin masəvaullahdan (Allahdan başqa hər şey) təcrid olunması, Allahdan uzaqlaşdıran hər bir şeyin də qəlbdən çıxarılıb atılmasıdır.

Əgər hər kəs İslamın bizə tanıtdığı təmizliyə riayət etsə, o zaman heç bir yoluxucu xəstəliklər, həll olunmaz problemlər və s. yaranmaz. Əgər təmizliyə ciddi riayət etmədə israrlı olmasaq gələcək nəsillərə verəcək nə şirin su ehtiyyatımız, nə də ki, normal bir atmosferimiz olacaq. Buna görə də dəyərlərimizə sahib çıxaraq onu gələcək nəsillərə sağlam şəkildə çatdırmalıyıq.[azerislam.com]

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here