Dünyanın 10 ekoloji cəhənnəmi [maraqlı]

0
817

ekoDünən google-da təsadüfən rastlaşdığım (əslində ekoloji xəritə axtarırdım) bir səhifəni açdım. Dünyanın ekoloji vəziyyəti kritik olan regionları haqqında qısa məlumat verilirdi. TIME jurnalında çap edilmiş bu məqaləni üzülərək oxuyarkən rastlaşdığım bir məqama isə əvvəlcə inanmadım, bir az araşdırdıqdan sonra  isə inanmaq məcburiyyətində qaldım. Hələlik bu “məqam”ın nə olduğunu açıqlamayacağam (məqaləmi oxuyarkən özünüzün də mənim keçirdiyim hissləri keçirəcəyinizi düşündüyüm üçün açıqlamayacağam). TIME jurnalından olan bu məqalə “The World’s Most Polluted Places (Dünyanın Ən Kirli Yerləri)” adlanır və regionlar ABŞ-ın məşhur “The Blacksmith Institute” QHT-si tərəfindən hər il yenidən siyahılanır. İndi yığcam şəkildə bu regionları tanıtmağa çalışacağam. Aşağıda, regionun adını və region haqda qısa məlumat verəcəyəm.[divider]
1.Linfen, Çin
cinKirlənməyə məruz qalmış insanların sayı: 3,000,000
Kirlənmənin növü: Kömür və partikullar
Kirlənmənin mənbəyi: Avtomobil və sənaye qazları(emissiyaları)

Çinin bu daxili Shanxi əyalətində, atmosfer yanmış kömürün təsiri nəricəsində elə dərəcədə kirlənmişdir ki, yuyulmuş paltarlar qurumadan öncə…qaralır. Çinin Təbiət Mühafizə Agentliyinin illik hesabatlarına görə də bu region Çinin ən kirli regionudur. Əlavə olaraq nəzərinizə çatdırmaq istəyirəm ki, Dünya Bankının məlumatlarına əsasən dünyanın ən kirli 20 şəhərindən 16-sı Çindədir.

[divider]
2.Tianying, Çin
cin2Kirlənməyə məruz qalmış insanların sayı: 140,000
Kirlənmənin növü: Qurğuşun və başqa ağır metallar
Kirlənmənin mənbəyi: Mədən sənayesi və emal

Çinin şimal şərqində yerləşən Tianying yüksək sənayeləşmiş bir şəhər olaraq Çinin qurğuşun istehsalının yarısını təşkil etməkdədir. Artıq çox köhnəlmiş və illərlə tənzimlənməyən istehsal texnologiyası nəticəsində toksiki metal Tianyingin torpağına və suyuna, oradan isə şəhər sakinlərinin qanına keçir. Bu isə, ilkin mərhələdə həmin insanların IQ-sünü aşağı salır. Nümunə olaraq bir faktı göstəmək olar ki, Tianyingdə yetişdirilən taxıl məhsullarındakı qurğuşun səviyyəsi Çin standartlarından(yeyinti məhsullarının tərkibinə dair standartlar-red.) 24 dəfə çoxdur.

[divider]

3.Sukinda, Hindistan
hindistanKirlənməyə məruz qalmış insanların sayı: 2,600,000
Kirlənmənin növü: Hexavalent xrom və başqa metallar
Kirlənmənin mənbəyi: Xromit mədənləri ve emal

Hexavalent(altı valentli) xromun nə olduğunu öyrənmək istəyirsinizsə Erin Brockovich filmi bu mövzuda işinizə yarayar. Çox iyrənc qoxusu olan bu maddə paslanmaz polad istehsalında və dəri cilalamada istifadə olunur. Bu maddə nəfəsə gedərsə və yaxud udularsa, xərçəng xəstəliyinə tutulmaq ehtimalı çox yüksəkdir. Dünyanın ən zəngin açıq xromit mədənlərinə malik olan Sukindada içməli suyun tərkibində dünya standartlarının iki mislindən daha yükək miqdarda hexavalent xrom mövcuddur. Hindistanda fəaliyyət göstərən səhiyyə təşkilatlarının verdiyi hesabatlara görə dağ-mədən ərazilərində baş verən ölümlərin 84.75 faizi xromit ilə əlaqədar xəstəliklər ucbatındandır. Bu isə həmin mədənlərdə işləyənlərin heç bir qoruyucu ilə təmin edilməməsi və təhlükəsizlik normalarının təmamilə mövcud olmamasıyla əlaqədardır. Çox acınacaqlıdır ki, Sukindada bu günə qədər heç bir təmizləmə və ya yenidənqurma işləri aparılmamışdır.

[divider]

4.Vapi, Hindistan
hindistan2Kirlənməyə məruz qalmış insanların sayı: 71,000
Kirlənmənin növü: Çoxsaylı kimyəvi preparatlar və ağır metallar
Kirlənmənin mənbəyi: Sənaye zolağı

Qeyd etmək lazımdır ki Hindistan ekoloji cəhətdən Çindən daha təmizdir amma buna səbəb Hindistanın daha yavaş inkişaf etməsidir. Bu fikrin Vapi  ilə çox da əlaqəsi yoxdur fikrimcə. Çunki, Hindistanın cənubunda 400 km-lik bir sənaye zolağında yerləşən Vapi “var gücü” ilə inkişaf edir. Vapi sakinləri üçün isə bu inkişafın “mükafatı” heç də ürəkaçan deyil: belə ki, içməli suyun tərkibindəki merkurinin miqdarı DST(Dünya Sağlamlıq Təşkilatı) standartlarının 96 mislidir. The Blacksmith Institute-un illik hesabat mətnində Vapinin vəziyyəti “bu bir bəladır” sözləri ilə yekunlaşır.

[divider]

5.La Oroya, Peru
peruKirlənməyə məruz qalmış insanların sayı: 35,000
Kirlənmənin növü: Qurğuşun, mis, sink və kükürd dioksid
Kirlənmənin mənbəyi: Ağır metal emalatı və dağ-mədən sənayesi

The Blacsmith Institute-un hesabatlarında qurğuşunun toksiki maddə olaraq çox tez-tez qarşımıza çıxmasının səbəbi, bu maddənin xüsusilə azyaşlılara göstərdiyi ölümcül təsiridir. Peru Andlarında yerləşən La Oroyadakı uşaqların 99%-ində, 1922-ci ildən bəri ərazidə fəaliyyət göstərən Amerikan metaləridən qurğuları sayəsində, qan səviyyələri qəbul olunmuş standartlardan çox çox yüksəkdir. Belə ki, DST-nin 1999-cu il hesabatına görə buradakı uşaqların qanında qurğuşunun səviyyəsi normal insan göstəricilərinin 3 qatıdır. 1922-ci ildən günümüzə qədər La Oroyadakı zavodların toksiki tullantılarını bir qədər azaltmasına baxmayaraq, bu ərazinin torpaq və suyunda toksiki maddələrin mövcudluğu hələ bir neçə on illik də davam edəcək. İstehsalatın dayandırılmadığını(və ya yaxın illərdə müasir texnologiyaya keçilməyəcəyini) və La Oroya üçün heç bir “xilas etmə” planı olmadığını nəzərə aldıqda, buranın sakinlərinin atacağı ən ideal addımın La Oroyanı tərk etmək olacağı qənaətinə gəlmək olar. Bu isə, fikrimcə, keçən semestr aldığım bir dərsdə də adından çox tez-tez bəhs ettiyimiz “ilk məcburi təbiət köçkünləri” konseptinin ortaya çıxmasına səbəb olacaqdır.

[divider]

6.Dzerjinsk (Дзержинск), Rusiya
rusiyaKirlənməyə məruz qalmış insanların sayı: 300,000
Kirlənmənin növü: Kimyəvi preparatlar, sarin və VX qazları
Kirlənmənin mənbəyi: Soyuq Müharibə erasında silah istehsalatı

Soyuq Müharibə illərindəki silah sənayesinin izləri keçmiş Sovet İttifaqı ərazisindən tədricən silinib yox olduğu bir dövrdə Dzerjinsk istisna təşkil etməkdədir. Bu şəhərin ekoloji agentliyinin hesablamalarına görə 1930-1998-ci illər arasında 300,000-dən çox toksiki maddə Dzerjinskdə tullantı halında toplanmışdır. Şəhərin suyunda fenol və dioksinin səviyyəsi normal standartlardan 17 milyon dəfə çoxdur. Ginnesin Rekordlar Kitabı-na “planetin kimyəvi tullantı miqdarına görə ən kirli şəhəri” olaraq düşən Dzerjinsk şəhərində ölüm faizi doğum faizindən 260% yüksəkdir.

[divider]

7.Norilsk (Норильск), Rusiya
rusiya 2Kirlənməyə məruz qalmış insanların sayı: 134,000
Kirlənmənin növü: Havanın çirklənməsi-makrohissəciklər, kükürd dioksid, ağır metallar, fenollar
Kirlənmənin mənbəyi: Əsas nikel və metal emalatı

Norilskin təməli 1935-ci ildə Sibirdə planlaşdırılan sənaye şəhərini qurmaq ideası ilə atılmışdır. Bugün dünyanın ən geniş ağır metal əritmə kompleksinə sahib Norilskdə hər il 4 milyon tondan çox kadmium, mis, qurğuşun, nikel, arsen, selen və sink atmosferə buraxılır. Atmosfer nümunələri göstərir ki, havadakı mis və nikel miqdarı standartlardan dəfələrlə artıqdır. Bir faktı nəzərinizə çatdırmaq istəyirəm ki, buradakı nikel emalı zavodundan bütün istiqamətlərdə 48 km-ə  qədər nə bir ağac, nə də bir kol mövcuddur.

[divider]

8.Çernobl, Ukrayna
ukraynaKirlənməyə məruz qalmış insanların sayı: İlkin hesablamalara görə 5,000,000, amma günümüzdə bu rəqəm mübahisəlidir
Kirlənmənin növü: Radiasiya
Kirlənmənin mənbəyi: Nüvə əriməsi

Əgər blogumu təqib edirsinizsə Çernobl haqqında yazdığım məqalədə kifayət qədər məlumat verildiyini bilirsiniz. Amma yenə də qisaca məlumat verəcəyəm. 26 aprel, 1986-cı ildə Çernobl AES-in dördüncü reaktorunda baş vermiş partlayış nəticəsində atmosferə Herosima və Naqasakiyə atılan atom bombasının buraxdığının 100 misli qədər radiasiya buraxııldı. Bugun də mərkəzində stansiyanın yerləşdiyi 30-km radiuslu dairə daxilində məskunlaşma yoxdur (ingiliscə daha vahiməli səslənir: “population zero” territory). 1992-2002 illəri arasında Çernobla yaxın ərazilərdə məskunlaşan 4,000-dən çox insanda tiroid (qalxanvari vəz) xərçənginə rastlanmışdır və bu rəqəm artmaqdadır. Bunlardan əlavə Ukraynaya qonşu olan ölkələrdə də xərçəng xəstələrinin sayı kəskin surətdə artmışdır. Buna misal olaraq Türkiyənin Qara dəniz bölgəsindəki ölüm faizinin ÇAES-dəki partlayışdan sonra artışını göstərmək olar.

[divider]

9.Sumqayıt, Azərbaycan
azeKirlənməyə məruz qalmış insanların sayı: 290,000
Kirlənmənin növü: Kimyəvi maddələr və ağır metallar
Kirlənmənin mənbəyi: Neft kimyəvi tullantıları və ağır sənaye

Yeni salındığında “Gənclik şəhəri” deyirdilər Sumqayıta. Səbəbi isə şəhəri salanların da, ilk sakinlərinin də gənclər olması idi. Kim bilir bu gənclər nə ümidlərlə bu şəhərə gəlmişdilər. Əslində şəhərin adına sadəcə “gənclik şəhəri” deyil, müxtəlif illərdə buraya sənaye şəhəri, kimyaçılar şəhəri, inşaatçılar şəhəri və s. adlar da qoyulurdu. Amma çox təəssüflər olsun ki, SSRİ-nin “kimyəvi paytaxt”ı olan bu Sumqayıtın əsil adı tək və dəyişməz idi (o zamanlar heç kim bunu ağzına gətirmək istəməsə də ölüm statistikası bunu təsdiqləyir): “Ölüm Şəhəri”. Stalin bir dəfə Sumqayıt şəhəri ilə öyünmüş və “biz bu şəhərlə təbiətin səhvlərini düzəldəcəyik” demişdir. Belə ki, Sumqayıt zavodları var gücüylə işlədiyi dövrdə atmosferi hər il 120,000 ton toksiki maddə ilə çirkləndirirdi. Ən acınacaqlısı budur ki, Nazirlər Sovetinin 18 İyul 1991-ci il 567 N-li Qərarına əsasən Sumqayıtda bütün növ kimyəvi müəssisələrin tikilməsinin qadağan edilməsinə baxmayaraq burada 1991-ci ildən bəri “Sintezkauçuk” birliyində “EP-300”, “Üzvisintez” birliyində “Polimer-120” və başqa müəssisələr tikilmiş və istifadəyə verilmişdir. Hal hazırda orta hesabla hər il havaya 96,5 min ton toksiki maddələr buraxılır. Sumqayıt haqqında geniş bir entry hazırlamağı planlaşdırıram. Növbəti dəfə Azərbaycana gedəndə fotoapparatımı yanıma alıb Sumqayıta gedəcəyəm.

[divider]

10.Kabwe, Zambiya
zambiyaKirlənməyə məruz qalmış insanların sayı: 255,000
Kirlənmənin növü: Qurğuşun və kadmium
Kirlənmənin mənbəyi: Qurğuşun emalı kompleksləri

1902-ci ildə Kabwedə zəngin qurğuşun yataqları kəşf edildiyində Zambiya(o zamanlar adı Şımali Rodeziya idi-red.) İngiltərənin koloniyası idi və bu maddə emal edilərkən yerli əhaliyə göstərə biləcəyi zərərli təsiri nəzərə alınmamışdı. Çox təəssüf ki, o günlərdən bu günə qədər Kabwenin ekoloji vəziyyəti yaxşılaşmamışdır. Düzdür, buradakı qurğuşun fabriki çoxdan bağlanıb, amma torpaqda və suda qurğuşunun miqdarı astronomikdir. Uşaqların orqanizmindəki qurğuşunun səviyyəsi ABŞ səviyyəsinin 10 mislidir. Sonda The Blacksmith İnstitute-un prezidenti Fullerin Kabwe haqqındakı fikrini paylaşmaq yerinə düşərdi: “Biz buradakı uşaqlardan bəzilərində qan testi ettik və məcazi mənada maşınlarımız xarab oldu”.

[divider]

Sonda bir neçə cümlə demək istəyirəm. Ən əsası bu məqalələr həqiqətdir və bu regionlar həqiqətən mövcuddur. Bəlkə də bu məqaləmi oxuyanların arasında elə bu dəqiqə Sumqayıtda olanlar var. Burada məqsədim pessimist fikirlərlə insanları depressiyaya salmaq deyil. Əgər bir deyil daha çox planetimiz olsaydı daha optimist yazardım. Amma indilik sadəcə təhlükənin fərqinə varmağımız üçün belə yazılara ehtiyacımız olduğunu düşünürəm. Əlimizdən gələni “artıq çox gec” olmadan etməyin ARTIQ vaxtıdır.

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN