“SMS” mesajın yaranma tarixi

0
815

sms2

Sürətlə dəyişən dünyamızda texnoloji cəhətdən köhnəlmiş, lakin hələ də mövcud olan və insanlara sevinc bəxş edən bir neçə həll qalmaqdadır. Smartfonların müasir funksiyalarla təchiz edilməsinə baxmayaraq, 160 simvol uzunluğunda mesajlar rabitə qurğularında əvvəlki kimi əsas atribut olaraq qalır. “SMS” əksər istifadəçilər üçün əsas ünsiyyət vasitəsidir; insanlar sadə simvollar vasitəsilə emosiya, əhval-ruhiyyə və hisslərini digərlərinə çatdıra bilir.

“SMS”in yaranma tarixi Danimarka ilə bağlıdır. Belə ki 1984-cü ildə Danimarkanın Kopenhagen şəhərində keçirilmiş mobil rabitə üzrə konfransa gəlmiş finlandiyalı mühəndis Matti Makkonen iki həmkarı ilə “pizzaxana”da keçirilmiş qeyri-rəsmi görüşdə “GSM” şəbəkələrdə qısa mesajlarla mübadilə sisteminin konsepsiyasını müzakirə edib. “GSM” o dövrdə sırf Skandinaviya standartı olub və yalnız bir neçə il sonra ümumavropa standartı kimi təsdiq edilib.

1992-ci ildə “SMS” standartı təsdiqlənib və “Vodafone” şirkəti Britaniyanın “Sema Group” standartlaşdırma təşkilatından “SMS” mərkəzin yaradılması üçün proqram təminatı hazırlamağı sifariş edib. Yaradıcılar komandasının iştirakçılarından biri də Nil Papvort olub.

Sözügedən proqram təminatının hazırlanmasına təxminən 1 il vaxt sərf olunub. 1992-ci il dekabrın 3-də Nil Papvort “Vodafone” şirkətinin qərargahına gedərək orada kompüter arxasında əyləşərək adıçəkilən şirkətin SMS üzrə direktoru Riçard Carvisə tərkibi “Merry Christmas” ifadəsindən ibarət mesaj göndərib. “SMS” dövrü beləcə meydana gəlib.

Sınaq müddəti daha bir neçə həftə çəkib. “Vodafone” şirkəti “Sema”nın hazırladığı “SMS” mərkəzini operator şəbəkəsinə qoşmazdan əvvəl onu bir sıra ciddi sınaqlardan keçirib.

Carvis mesajı “Orbitel 901” səyyar mobil telefonu vasitəsilə qəbul edib. Aparatın çəkisi 2.1 kiloqram olub.

Orbitel 901

“Bu layihəni nə dərəcədə mühüm hesab etməyimlə bağlı mənə  çoxsaylı suallarla müraciət edirlər – deyə Papvort etiraf edir. – Xeyr, mən sadəcə “Sema” standartlaşdırma şirkətində işləyirdim və “Vodafone” sözügedən proqram təminatını hazırlamağımız üçün pul ödəmişdi və biz sadəcə sifarişi yerinə yetirdik”.

SMS ilk öncə səsli poçta gələn mesajlar barədə abunəçilərə bildirişlərin göndərilməsi üçün tətbiq edilib və bu xidmət ödənişsiz olub. Bu yeniliyə qədər abunəçilər gələn mesajları yoxlamaq üçün özləri vaxtaşırı səsli poçt qutusuna zəng etməli olurdular.

1995-ci ilədək SMS mesajlar populyar olmayıb: o zaman azsaylı mobil rabitə istifadəçiləri 2,5 ayda təxminən 1 mesaj göndəriblər və ilk mobil telefonlar qısa mesajlar üçün əlverişli olmayıb. Mobil telefonların ekranı iki sətirdən çox informasiyanı oxumağa imkan verdikdən sonra SMS mesajların populyarlıq dövrü başlanıb.

“Ericsson” şirkətinin məlumatına əsasən, 2000-2012-ci illərdə SMS mesajların populyarlığı artmağa davam edib. Sözügedən şirkətin məlumatına əsasən, 2000-ci ildə göndərilmiş mesajların həcmi 17 milyard olub. Sonrakı iki il ərzində onların həcmi təxminən 20 dəfə artıb.

Hazırda dünyada təxminən 6 milyard mobil rabitə abunəçisi var və onların hamısı demək olar ki SMS-dən istifadə edir.

“SMS bazarı demək olar ki doyma mərhələsinə çatıb” – Britaniyanın “Acision” şirkətinin marketinq üzrə direktoru Sallivan Cey belə hesab edir. SMS mərkəz sistemləri bazarının təxminən 33%-i ona məxsusdur; onun müştəriləri arasında “Vodafone”, “Telefonica”, “Telia Sonera” və “Sprint” kimi operatorlar var.

“Hamı əvvəlki kimi SMS mesajlardan istifadə edir və hələ ki ondan imtina hiss olunmur” – Sallivan hesab edir.

SMS mesajın uğurunun əsas səbəbi onun universal əlçatanlığıdır.

“SMS mesajı hər kəsə göndərə bilərsiniz – Sallivan hesab edir. Mobil telefona malik istənilən şəxs mesajı qəbul edə bilər”.

“GSM Association” təşkilatının məlumatına əsasən, hazırda dünyada ildə təxminən 7 trilyon qısa mesaj ötürülür və bu, saniyədə təxminən 200 min SMS deməkdir.
SMS xidməti artıq 20 ildir ki mobil operatorlar üçün “südverən inək”dir. Lakin son illərdə vəziyyət dəyişir: SMS mesajlardan əldə olunan gəlir payı davamlı azalır. [membrana-az.com]

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here