Qəfil oyanış [qısa hekayə]

0
1574

qizilgul sekilleri (11)

08 mart 2011 – ci il. “Beynəlxalq Qadınlar”  günü və ya zəmanəyə uyğun desək, “Şablon Sms” günlərindən biri. Aydanın son illər bu bayram ümumiyyətlə xoşuna gəlmirdi. Artıq hər şey çox primitiv görünürdü gözündə. Bir neçə nəfərin təsadüfən göndərmiş olduğu eyni şablon sms-ə elə şablon şəkildə cavab verməsi, metro çıxışlarında satılan süni güllər, alındıqdan bir müddət sonra toz mənbəyinə çevriləcək suvenirlər və. s. –  bütün bunlar Aydanı çox qıcıqlandırırdı. Ən əsası isə həmin gün bir-birinə sarmaş – dolaş şəkildə gəzən cütlüklər. Heç birinin münasibəti ona səmimi görünmürdü. Feminist biri olduğundan, əksəriyyət oğlanlara qarşı yalnız ikrah dolu baxışlarla baxırdı hər zaman. Bu məxluqatlara görə nə əqli baxımdan, nə də zərif olmalarına rəğmən fiziki baxımdan da heç də gücsüz olmayan xanımların bir çox üstünlüklərini qurban verməsini qəbul edə bilmirdi heç cür. Təbii ki, ucdan tutma hər kəsi də özünün qara siyahısına aid etmirdi. Amma rəfiqəsinin dediyi kimi, “Ola bilər ki, istisnalar var, mən görməmişəm. Amma istisnalar qaydanı pozmur.” deyə düşünürdü o da. Bu cütlükləri görəndə az qala, hər birinə ayrı – ayrılıqda yanaşıb, “Ay qardaş alacaqsan bu qızı?! Sona kimi tutacaqsan əlini?! “Həyat yoldaşı” ola biləcəksən ona?! Ya bütün bunlar qalsın bir yana, halallındımı ən əsası?” deməyi gəlirdi. Bu gündə Aydan üçün yeganə sevindirici hal qeyri iş günü olması idi. Çünki həm anası, həm də özü həftənin 6 gününü işlədiyindən bir-biriləri ilə demək olar ki, birgə zaman keçirə bilmirdilər. Ona görə bu kimi fürsətlərin ələ düşməsi çox sevindirici olurdu. 8 Martda anasına hədiyyə almazdı heç vaxt. Əşyanı hər zaman almaq mümkündür deyə düşünərdi. Əsas xoş xatirələrin qalmasıdı, xoş anların lentə alınmasıdı. Ona görə də açıq havada gəzintiyə çıxar, bütün işlərdən özlərinə istirahət verərdilər həmin gün.

Beləcə növbəti gün sona yetdi. Hər zaman olduğu kimi yatmazdan öncə oxumaq üçün kitabını əlinə aldı. Uşaqlıqda bədii kitab oxumazdı. Bir neçə səhifə oxuyan kimi yuxuya gedərdi. Ona görə də iri həcmli əsərlərdən yan qaçardı hər zaman. Onlara oxumağa nə hövsələsi yetməzdi, nə də hər dəfəsində yuxuya getdiyi üçün hec cürə sonuna gəlib çıxmazdı kitabın. Zamanla vərdişlər də dəyişə bilərmiş məgərsə. Belə ki, ilk dəfə oxuduğu roman 200 səhifədən artıq olmasına rəğmən onu yarım günə bitirmişdi.  Bu vərdişi isə daha da əvvəl “facebook dostu” sayəsində qazanmışdı. Paylaşımlarıyla diqqətini cəlb etmiş bu xanım, ona əziz olan insanlardan birinə çevrilmişdi zamanla. Həmin xanım gənc yazar idi, lakin buna baxmayaraq heç də təcrübəsiz sayılmazdı. Aydana da onun yazdıqları çox maraqlı gələr, hər yazdığını həvəslə oxuyardı.

Birdən telefonuna sms gəldi. “Gecikmiş şablonlardan biridir” deyib telefonunu əlinə aldı.

– “Axşamın xeyir! Bağışla ki, bu vaxtı yazıram. Bayramın mübarək, Aydan! Bilirsən, heç unudulmamısan. Sənə yazmaqdan ötrü, bayramları sayırdım. Necəsən?”

Məktub ondan idi. Həm də heç gözləmədiyi anda. Sonuncu dəfə payızda danışmışdılar. Tam da “Unutdum” deyə sananda həyatın belə sürprizlər etməsi çox əzab verir insana. Axı niyə?! … Amma cavab verilməli idi.

– “Aqibətin xeyr! Mən də mama və bacıları təbrik edirəm. Mən yaxşıyam, sən necəsən? Mənə yazmaqdan ötrü bayramları saydığın hiss olunur. Hesabda güclü olduğun da. Nədənsə Ramazan və Yeni il bayramlarını bu hesaba daxil etməmisən.”

Bir neçə sms-dən sonra Aydanın hirsi yenidən soyudu, ortada heç ayrılıq olmamış kimi düşünməyə başladı. Hətta həftə sonuna görüş də təyin etdilər.

Bu da həftə sonu. Çox həyəcanlı idi, ilk görüşlərində olduğu kimi. Həmin gün də Aydan eyni qorxu və həyəcanı keçirirdi. Tanışlıqları sosial şəbəkədə ixtisaslarıyla bağlı bir qrup sayəsində baş tutduğundan və bir-birilərini realda heç görmədiklərindən həmin gün Aydan üçün imtahandan fərqli bir gün deyildi. Çünki 24 yaşı olmasına baxmayaraq, buna qədər nə oğlan dostu olmuş, nə də sosial şəbəkədə danışdığı birisiylə realda görüşmüşdü. Hətta içində yalnış addım atırmış kimi bir hiss olduğundan, dayanacaqda ona zəng vurub, “Bağışla, ancaq mən gələ bilməyəcəm. Bu addımı atmaqdan çox qorxuram” deyə bildirmişdi. Lakin, o, Aydanın dayanacaqda olduğunu anlayıb, qızı birtəhər razı sala bilmişdi. Sonralar Aydan hər dəfəsində kaş ki, o avtobusa minib görüşə getməyəydim deyib, özünü qınamışdı. O zaman qəlbi də qırılmazdı…

İndi isə bütün bu incikləri unutmuş şəkildə yenə görüşə hazırlanırdı. Artıq 28 May metrosunun çıxışında onu gözləyirdi. Bir qədər sonra ondan sms gəldi.

– “Bağışla mən gələ bilməyəcəm. Biz Aysunla barışdıq. Xoşbəxt ol Aydan!”

Aydan donub qaldı. Heç kimi önəmsəmədən, yerə çökdü və ağlamağa başladı.

– Qızım, dur! Qızım, yenə sayıqlayırsan. Yüz dəfə demişəm sənə, yatmamışdan qabaq oxuma o kitabları. Sonra təsiri altına düşüb, bütün gecəni sayıqlayırsan. Bir tərəfdən də yatıb qalırsan. Dur əl üzünü yu, yeməyini ye, hazırlaş. Bir azdan işə getməlisən.

Aydan hələ də yuxu gördüyünün fərqinə varmamışdı. Mat-məəttəl anasına baxırdı. Anası otağı tərk edəndə telefona baxdı, sonuncu sms rəfiqəsindən gəlmişdi. Ancaq gecə boyu yazışdığını zənn etdiyi adamdan nə bir məktub, nə zəng gəldiyi yox idi. Dilxor vəziyyətdə hazırlanıb evdən çıxdı. Yuxusunun təsiri altından hec cürə çıxa bilmirdi.

Günü necə başa vurduğunu bilmədi. Yenə yatağını rahatlayıb uzanmışdı. “Ay işığının kədəri” adlandırdığı gündəliyini əlinə aldı. Aydanın gündəliyin adını belə qoyması da səbəbsiz deyildi.  (Müəllif: Təsi Babayeva) Onun bürcü Ayın himayəsində olan yeganə bürc idi. Nə vaxt ay çıxsa, işığı məhz Aydanın üzərinə düşərdi. Bu ona xoş gələrdi. “Ay bilir də kimin üzərinə işıq salır”- deyə, zarafata salardı. Son zamanlar kədərli olduğundan, Ay işığının kölgəsində sanki bu kədəri də əks olunurdu. Ona görə gündəliyini də belə adlandırmışdı. Bu onun sayca 2-ci gündəliyi idi. İlk gündəliyini 20 yaşında tutmuşdu. Amma o gündəlikdə  sadəcə gələcəklə bağlı planlarını, ağlına gələn hər arzusunu qeyd edərdi. Bu gündəliyində isə yalnız kədərli hadisələri…

“Bu gün yenə yuxuda gördüm səni. Əslində görmək də sayılmaz. Çünki sadəcə sms-lərini gördüm. Bir zamanlar həqiqətdə yazmış olduğun sms-ləri. Onları təkrar – təkrar oxumaq necə acı verir, bir bilsən. Yenə görüşümə gəlmədin. Deyirlər, bir kimsəni yuxuda görürsənsə, demək o səni xatırlayır, səni yada salır. Sən heç yuxumda da səni görmək xoşbəxtliyini rəva bilmirsən mənə. Ayılanda həm səni görməyimə, həm də məhz xatırlandığım üçün görməyimə sevinməyimi də çox bilirsən mənə. Həyatını növbəti “Noyabr”  sevginlə paylaşırsan. Nə olar dı ki, heç olmasa bircə gününü, bircə anını, bircə yuxunu mənimlə paylaşsaydın?! Ehh, kimə deyirəm. Qarşındakı mən olduğum üçün heç yuxumda da mənə yar olmağa cəsarətin olmaz sənin.

Yenə ilk görüş məkanımızda idim yuxumda. Realda da səndən öncə çatmışdım, elə yuxuda da. Yadımdadı, sənə çatdığımı bildirəndə, “Heykəli qucaqla, yanında qal, mən indi gələcəm” demişdin. Kaş elə heykəli qucaqlayıb orada qalardım, heç olmazsa, o sona kim yanımdan ayrılmazdı.

“Başına gələn başmaqçı olar” deyilib. Mənim başıma gəlməyi azmış kimi, hər gün eyni hadisələri yuxumda da yaşayıram. Amma bu gün tək yuxudan deyil, gözümü kor etmiş bu sevginin tilsimindən də ayıldım. Daim sənə doğru addımlamağa çalışırdım, güzəştə gedər, sənə görə özümü dəyişdirərdim. Bu gün ayıldım ki, mən bu fədakarlığı göstərəndə, sən heç yerində də durmurdun ki, bəlkə nə vaxtsa sənə çatım. Sən tam başqa istiqamətdə, başqasına doğru iri addımlarla addımlayırdın. Hər bir son yeni bir başlanğıcdır. Sənə son qoymağın zamanı gəldiyini gec də olsa anladım. Çıx yer tutmağa layiq olmadığın həyatımdan, ürəyimdən və  yuxularımdan!

Bu gün sənə SON deyirəm. ”

18.12.13

Müəllif: Təsi Babayeva

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN