Kredit kartı üzrə borcları necə idarə etmək olar?

0
800

kredit karti

Ekspertlərin fikrincə, 2016-cı ilə qədər banklar təminatsız kreditlərin böyük əksəriyyətini kredit kartları vasitəsilə təqdim edəcəklər. Kredit kartlarının ən böyük üstünlüyü güzəştli kreditləşmə müddətinin olmasıdır. Bu müddət ərzində borcdan istifadəyə görə faizlər hesablanmır. Kart sahibi kredit kartları üzrə borclarını düzgün şəkildə idarə etməklə, ən çətin maliyyə vəziyyətlərində belə, bu kartdan böyük əhəmiyyətlə istifadə edə bilər.

1. Hesab üzrə istənilən əməliyyata nəzarət etmək, eləcə də növbəti minimal ödənişin tarixi və güzəşt müddətinin bitmə vaxtı barədə məlumat almaq üçün mobil və internet-bankinq xidmətindən istifadə edin. Əgər texniki vasitələr sizin üçün narahatlıq törədirsə, o zaman müvafiq məlumatı bankın məlumat mərkəzinə zəng etməklə və ya maliyyə müəssisəsinin ofisinə birbaşa müraciət etməklə əldə edə bilərsiniz.

2. Güzəşt müddətinin hüdudlarından kənara çıxmamağa çalışın. Müəyyən olunmuş müddət bitənə qədər borclarınızı ödəməyə səy göstərin. Əks təqdirdə, bankın pulundan istifadə etdiyinizə görə yüksək faiz dərəcəsi ödəməli olacaqsınız.

3. Xərclərinizi mümkün qədər azaltmağa çalışın. Borclarınızın qaytarılması sizin üçün əsas prioritet olmalıdır. Borcunuz olduğu müddət ərzində lazımsız xərclərdən və bahalı alış-verişdən uzaq durmağa çalışın. Əlinizdə olan pulu əyləncə üçün deyil, borclarınızı ödəmək məqsədilə istifadə edin. Unutmayın ki, borclarınızı daha tez ödəməklə, xərcləyəcəyiniz pulun məbləğini azaltmış olursunuz.

4. Güzəştli kreditləşmə müddəti heç də o demək deyil ki, bu müddət ərzində banka heç bir maliyyə vəsaiti göndərmək olmaz. Əslində isə hər ay ödənilməsi zəruri sayılan minimal ödəniş məbləği mövcuddur. Hər ay bu məbləğ müntəzəm olaraq ödənilmədiyi təqdirdə borcgötürənə qarşı cərimə sanksiyaları tətbiq olunur.

5. Ödənişləri sizə kredit kartı təqdim edən bankın şöbə və ya bankomatlarında həyata keçirməyi unutmayın. Çünki bu zaman xidmət üzrə komissiya haqları ya minimal həddə olacaq ya da ümumiyyətlə hesablanmayacaq. Kənar təşkilatlar vasitəsilə ödəniş etdikdə isə həmin vəsaitin hesaba daxil olma müddətini nəzərə alın və pulun hesaba daxil olduğuna diqqət yetirin.

6. Kartdan istifadə müqabilində tələb olunacaq bütün mümkün ödənişlər barəsində məlumata sahib olun. Eləcə də kredit kartından nağd pul çıxardığınız zaman tələb olunacaq komissiya haqlarının məbləği barədə öncədən informasiyanız olsun. Çalışın, ən ucuz və ən rahat xidmət növlərindən istifadə edəsiniz.

Sevinc İbadova/Banco.az

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here