Yeni təyin olunmuş nazirlər kimdir? [arayış]

0
505

ministri

Yeni müdafiə nazirimiz 5 il Almaniyada xidmət keçib.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

Moruq.Net Oxu.Az-a istinadən xəbər verir ki, prezidentin müvafiq sərəncamı ilə Azərbaycanın yeni müdafiə naziri Zakir Həsənov,  yeni əmək və əhalinin sosial müdafiəsi naziri  Səlim Müslümov, yeni kənd təsərrüfatı naziri isə Heydər Əsədov olub.

Azərbaycan Respublikasının hər üç yeni naziri barədə arayışı təqdim edirik:

[divider]

1. Həsənov Zakir Əsgər oğlu — Azərbaycan Respublikası Müdafiə naziri, general-polkovnik. 22 oktyabr 2013-cü il tarixinə qədər – Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, Daxili Qoşunların Komandanı.

6 iyun 1959-cu ildə Astara rayonunda anadan olub. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.

1985-ci ildən 1993-cü ilədək SSRI Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb.

1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət edib, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.

Azərbaycan Respublikası Prezidentinin 17.01.2003-cü il tarixli 1130 N-li Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib.

17.05.2003-cü il tarixli 869 N-li Fərman ilə isə general-mayor, 06.05.2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilib, 22.10.2013 prezidentin sərəncamı ilə general-polkovnik ali xüsusi rütbəsi verilib.

22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri təyin olunub.

Ailəlidir. İki övladı var.

[divider]

2. Heydər Xanış oğlu Əsədov — iqtisadçı, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri (2013).

1959-cu il oktyabr ayının 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləmiş, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.

1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.

1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə nazirinin müavini təyin edilmiş, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini vəzifələrində işləyib.

17 aprel 2007-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Hesablama Palatasının sədri vəzifəsinə təyin edilib.

22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilib.

Ailəlidir. Üç övladı var.

[divider]

3. Səlim Yanvar oğlu Müslümov — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri.

1961-ci il noyabrın 1-də Ağsunun Pirhəsənli kəndində anadan olub.

1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirib.

1983-1987-ci illərdə Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirmiş və 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.

1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışıb.

1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olub.

1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Azərbaycan Respublikası Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədr müavini təyin edilib.

2002-ci ilin 17 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədri vəzifəsinə təyin edilib.

S.Y.Müslümov iqtisadi sahədə bir neçə qanunvericilik aktının hazırlanmasında yaxından iştirak edib. O, 4 kitabın və 50-dən artıq elmi məqalənin müəllifidir.

17.01.2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona gömrük xidməti general-mayoru rütbəsi verilib.

22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyin edilib.

Rus və ingilis dillərində sərbəst danışır.

Evlidir, 3 övladı var.

Elvin Əhmədov

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN